İDMAN
Şəhriyar Məmmədyarov FİDE-nin Qran-pri turnirinin mərhələ yarışlarının birinci turunda heç-heçə oynamışdır
Bakı, 22 sentyabr (AZƏRTAC). Londonda FİDE-nin Qran-pri turnirinin ilk mərhələ yarışlarının birinci turunun görüşləri olmuşdur.
Yarışlarda Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan qrossmeysteri start oyununda ağ fiqurlarla Ukrayna təmsilçisi Vasili İvançukla oynamışdır. Görüş 110-cu gedişdə heç-heçə başa çatmışdır.
Birinci turun digər görüşləri aşağıdakı nəticələrlə başa çatmışdır: Rüstəm Qasımcanov (Özbəkistan)-Pyotr Leko (Macarıstan) - 0,5:0,5, Xikaru Nakamura (ABŞ)-Boris Gelfand (İsrail) - 0:1, Veselin Topalov (Bolqarıstan)-Aleksandr Qrişşuk (Rusiya) - 0,5:0,5, Lenyer Dominges (Kuba)-Aniş Giri (Hollandiya) - 0,5:0,5, Van Xao (Çin)-Maykl Adams (İngiltərə) - 0,5:0,5.
Turnir cədvəlindəki vəziyyətə görə, Gelfand 1, Məmmədyarov, Dominges, Qasımcanov, Leko, İvançuk, Giri, Adams, Topalov, Qrişşuk, Van Xao hərəyə 0,5, Nakamura 0 xal toplamışlar.
Şəhriyar Məmmədyarov ikinci turda qara fiqurlarla İngiltərə təmsilçisi Maykl Adamsla oynayacaqdır.