MƏDƏNİYYƏT
Şəki Dövlət Dram Teatrı bir neçə sənədi daimi mühafizə üçün Dövlət Səs Yazıları Arxivinə təhvil verib
Bakı, 15 noyabr, AZƏRTAC
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının sənədləri daimi mühafizə məqsədilə Dövlət Səs Yazıları Arxivinə təhvil verilib.
Bu barədə AZƏRTAC-a Milli Arxiv İdarəsindən bildirilib.
Qeyd edilib ki, teatrın səhnəsində 2013-2019-cu illərdə oynanılmış tamaşaları - Səməd Vurğunun “Vaqif”, İlyas Əfəndiyevin “Sevgililərin cəhənnəmdə vüsalı”, Haldun Tanerin “...və dəyirman dönərdi”, Molyerin “Xəstəlik xəstəsi və ya yaşasın teatr”, Hidayət Sayının “Davul səsi” tamaşaları rəqəmsal formatda daimi mühafizə üçün Dövlət Səs Yazıları Arxivinə təhvil verilib.
Əsası 1879-cu ildə Rəşid bəy Əfəndiyev tərəfindən qoyulmuş Şəki Dövlət Dram Teatrı Nuxa Teatrının sələfidir. Sonralar Bakı teatrlarında fəaliyyət göstərmiş görkəmli aktyorlar İsmayıl Osmanlı, Lütfəli Abdullayev, Yusif Vəliyev və başqalarının ədəbi fəaliyyəti adıçəkilən teatrla bağlı olub.