MƏDƏNİYYƏT
Şəki komandası VI çövkən milli oyununun qalibidir
Şəki, 22 dekabr (AZƏRTAC). Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində dekabrın 17-dən 22-dək davam edən “Prezident Kuboku” uğrunda VI çövkən milli oyunu başa çatmışdır.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilmiş bu yarışlarda respublikamızın müxtəlif şəhər və rayonlarını təmsil edən 16 komanda mübarizə aparmışdır.
AZƏRTAC xəbər verir ki, dekabrın 22-də Atçılıq Turizm Mərkəzində yarışların təntənəli bağlanış mərasimi keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Şəki və Ağdam komandaları arasında çövkən milli oyunu üzrə final qarşılaşmasını izləmişlər. Rəqiblərini 4:0 hesabı ilə məğlub edən Şəki komandası növbəti dəfə “Prezident Kuboku” uğrunda çövkən milli oyununun qalibi adını qazanmışdır. Üçüncü yeri ağstafalıları 1:0 hesabı ilə məğlub edən Balakən komandası tutmuşdur.
Bir gün əvvəl başa çatmış sürpapaq oyunu üzrə yarışlarda isə Oğuz komandası birinci yerə çıxmışdır. Qax, İsmayıllı və Ağcabədi komandaları sonrakı yerləri tutmuşlar. Papaq oyunu üzrə yarışlar isə Zaqatala komandasının qələbəsi ilə başa çatmışdır. Sonrakı yerləri Goranboy, Qəbələ və Yevlax komandaları tutmuşlar. Bu il ilk dəfə olaraq oyunların proqramına daxil edilən yaylıq oyununun qalibi adını isə Göygöl komandası qazanmışdır. Bərdə, Daşkəsən və Tovuz təmsilçiləri sonrakı yerləri tutmuşlar.
Final görüşündən sonra komandaların mükafatlandırılması mərasimi olmuşdur. Bütün növlər üzrə fərqlənən komandalara Mədəniyyət və Turizm Nazirliyinin diplom və pul mükafatları təqdim olunmuşdur. Bundan əlavə, çövkən milli oyununa həsr olunmuş rəsm müsabiqəsinin qalibləri də mükafatlandırılmışlar.
Çövkən milli oyununun qalibi Şəki komandası isə yarışın baş mükafatına - “Prezident Kuboku”na layiq görülmüşdür. Qalib komandalara mükafatları Mədəniyyət və Turizm Nazirliyinin məsul nümayəndəsi Cavanşir Cəfərov, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova, habelə iştirakçı rayonların mədəniyyət və turizm şöbələrinin rəhbərləri təqdim etmişlər.
Sonda VI çövkən milli oyunu iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.