ELM VƏ TƏHSİL
Şəki Regional Elmi Mərkəzində elmi şuranın iclasında bir sıra məsələlər müzakirə olunub
Bakı, 9 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzində (SREM) elmi şuranın növbəti iclası keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü ŞREM-nin nizamnaməsinə düzəliş və əlavələr edilməsi barədə məlumat verib. Bu məsələyə toplantı iştirakçılarının münasibəti öyrənildikdən sonra yeni nizamnamənin təsdiqlənməsi üçün Ədliyyə Nazirliyinə göndərilməsi qərara alınıb.
Sonra Y.Şükürlü əqli mülkiyyətin qorunması barədə elmi idarələr və digər qurumlar qarşısında duran vəzifələr, öhdəliklər barədə danışıb.
ŞREM-nin əməkdaşı Adışirin Xəlilov patent və müəlliflik şəhadətnamələrinin qiymətləndirilməsi mexanizmi barədə məlumat verib. Tarixi irs və etnoqrafiya şöbəsinin rəhbəri Rahim Həsənov Türkiyə və Rusiyada iştirak etdiyi elmi konfransların işi barədə danışıb.
İclasda, həmçinin folklor və el sənətləri şöbəsinin aparıcı elmi işçisi Əli Süleymanovun təqdim etdiyi yığım materialının nəşri ilə bağlı məsələ müzakirə olunub.