SİYASƏT
ŞƏKİ VƏ BELARUSUN SLUTSK ŞƏHƏRLƏRİ QARDAŞLAŞIRLAR
Şəki, 24 noyabr (AZƏRTAC). Şəki ilə qardaşlaşmış şəhərlər siyahısına daha biri əlavə olunmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Belarusa rəsmi səfəri zamanı ölkələrimiz arasında müxtəlif sahələr üzrə, o cümlədən Şəki rayonu ilə Minsk vilayətinin Slutsk rayonu arasında əməkdaşlığa dair saziş imzalanmışdır. Sənədi Şəki şəhər İcra hakimiyyətinin başçısı Nazim İbrahimov və Slutsk rayon İcraiyyə Komitəsi sədri vəzifəsini icra edən Pyotr Dovquçis imzalamışlar.
Nazim İbrahimov Belarusa səfərlə bağlı təəssüratları barədə bildirmişdir ki, Slutsk rayonu Minskdən 100 kilometr aralida, eyniadlı çayın sahilində yerləşir. Yüz min nəfərə yaxın əhalisi olan bu rayon sıx meşə örtüyünə və zəngin təbii sərvətlərə malikdir. Rayonda bir sıra emal müəssisələri fəaliyyət göstərir.
İmzalanma mərasimində N.İbrahimov Belarus tərəfinə Şəkinin tarixi, qədim ipəkçilik ənənələri, sosial-iqtisadi inkişafı və ictimai-mədəni həyatı barədə geniş məlumat vermiş, hər 2 şəhərin bir sıra oxşar cəhətləri olduğunu diqqətə çatdırmışdır. O, qarşı tərəfə ipək və pambıqdan hazırlanmış toxuculuq məmulatları, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, habelə şərab göndərilməsi ilə bağlı təkliflərini vermişdir. Bundan əlavə, gələcəkdə bu şəhərə kənd təsərrüfatı, ət və süd məhsullarının göndərilməsi, incəsənət və teatr kollektivlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsində də maraqlı olduğunu bildirmişdir.
Slutsk tərəfi isə, öz növbəsində, Şəki şəhəri ilə kənd təsərrüfatı, konservləşdirilmiş məhsullar, tikinti materialları, məişət cihazları və digər sahələr üzrə əməkdaşlıq üçün geniş imkanların olduğunu nəzərə çarpdırmışdır.
Əməkdaşlıq müqaviləsi 10 il müddətinə bağlanmışdır. Tərəflər gələcəkdə kənd təsərrüfatı, sosial-iqtisadi, ictimai-mədəni həyatın bütün sahələrində, əməkdaşlığın daha da genişləndirilməsi, habelə hər iki rayonun nümayəndə heyətlərinin, iş adamlarının, incəsənət kollektivlərinin qarşılıqlı səfərlərinin təşkil olunması barədə razılığa gəlmişlər.
######