MƏDƏNİYYƏT
Şəki Xanları Sarayının 250 illik yubileyinə hazırlıq görülür
Şəki, 18 iyun (AZƏRTAC). İyulun 4-də Şəki şəhərində Azərbaycan memarlığının nadir incilərindən olan Şəki Xanları Sarayının 250 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək bayram tədbirində Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndə heyətləri, beynəlxalq təşkilatların təmsilçiləri, Milli Məclisin deputatları, tanınmış elm və incəsənət xadimləri, digər qonaqların iştirakı gözlənilir.
Yubiley tədbirinə hazırlıq məqsədilə təşkilat komitəsi yaradılmış, tədbirlər planı təsdiq olunmuşdur.
Tədbirin təntənəli açılış mərasiminin “Yuxarı Karvansaray” mehmanxana-kompleksində keçirilməsi nəzərdə tutulur. Sonra yubiley tədbiri Xan sarayının həyətində davam edəcəkdir. Bayramın iştirakçıları Şəki xanlığının tarixini özündə əks etdirən teatrlaşdırılmış tamaşadan sonra Şərq bazarı ilə yaxından tanış olacaqlar. Yubiley tədbiri bayram konserti və atəşfəşanlıqla başa çatacaqdır.