SİYASƏT
ŞƏKİDƏ AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Şəki, 29 may (AZƏRTAC). Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında 28 May - Respublika gününə həsr olunmuş toplantı keçirilmişdir.
İctimaiyyət nümayəndələrinin, ziyalıların qatıldıqları tədbiri giriş sözü ilə açan şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova Respublika günü kimi tariximizə əbədi həkk olunmuş 28 mayın Azərbaycanın azadlıq və istiqlaliyyət uğrunda mübarizə salnaməsində ən unudulmaz gün olduğunu bildirmişdir. Natiq 91 il əvvəl, 1918-ci il mayın 28-də Şərqdə ilk parlament respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə xalqımızın uzun illər arzusunda olduğu milli müstəqillik və azadlıq ideyalarının reallaşdığını xüsusi vurğulamışdır.
Tədbirdə Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının direktor müavini, tarix elmləri doktoru Mais Əmrahovun “Müstəqilliyin çətin və şərəfli yolu” mövzusunda məruzəsi dinlənilmişdir.
Məruzədə qeyd olunmuşdur ki, 1918-ci il mayın 28-də Azərbaycan xalqının tarixində çox əlamətdar hadisə baş vermişdir. Həmin gün İstiqlal Bəyannaməsi qəbul olunmuş, müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda demokratik respublika qurulduğu elan edilmişdir. Natiq bildirmişdir ki, Xalq Cümhuriyyətinin yaranması xalqımızın milli azadlığa, müstəqilliyə, demokratiyaya olan istək və arzularının məntiqi nəticəsi idi. Əsrlər boyu müstəqillik, milli azadlıq həsrətində olan xalqımızın ilk demokratik respublikasının cəmi 23 ay yaşamasına baxmayaraq, onun fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən parlaq və yaddaqalan mərhələlərindən biri olmuşdur. Bu dövlətin qəbul etdiyi qanunlar, parlamentin təşəkkül tapması, milli ordunun yaradılması, Azərbaycan dilinin dövlət dili elan edilməsi xalqımızın uzun illər arzuladığı ən vacib məsələlər idi.
Tədbirdə çıxış edən natiqlər 1991-ci ildə yenidən dövlət müstəqilliyinə qovuşan Azərbaycanın daha da inkişaf edərək, dünya dövlətləri arasında öz layiqli yerini tutmasında ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini önə çəkmiş, müstəqil respublikamızın qazandığı uğurlar barədə danışmışlar.