REGİONLAR
Şəkidə “Coca-Cola Məktəbli Kuboku”nun rayon mərhələsinin qalibi müəyyənləşib
Şəki, 20 may, Mustafa Dadaşov, AZƏRTAC
Şəkidə Təhsil Nazirliyi, AFFA və Coca-Cola şirkətinin birgə layihəsi olan “Coca-Cola Məktəbli Kuboku” turnirinin rayon mərhələsi başa çatıb.
Şəki-Zaqatala Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, final oyununda Şəki şəhər 2 nömrəli tam orta məktəbin və şəhər kimya-biologiya təmayüllü respublika liseyinin komandaları qarşılaşıblar. Şəhər 8 nömrəli tam orta məktəbin futbol meydançasında keçirilən oyunda şəhər 2 nömrəli tam orta məktəbin komandası qalib gələrək turnirin zona mərhələsinə vəsiqə qazanıb. Final görüşünün iştirakçıları müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, yarış uşaq idmanına göstərilən qayğını, diqqəti daha da artırmaq, məktəblilər arasında futbolun kütləviliyini və inkişafını təmin etmək məqsədi ilə keçirilir.