İQTİSADİYYAT
Şəkidə Göynük-Baqqal yolu üzərində yeni körpülər tikilir
Şəki, 18 aprel (AZƏRTAC). Şəki-Aşağı Göynük-Baqqal avtomobil yolunun 13-cü və 14-cü kilometrliyində hər biri iki aşırımdan ibarət 2 yeni körpü tikilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-in sifarişi ilə “Körpü-Bina-Tikinti” MMC tərəfindən inşa edilən bu körpülərdən birincisinin uzunluğu 42, digərinin uzunluğu isə 60 metrdir. Birinci körpünün dayaqları artıq hazırdır. Digər körpünün tikintisində isə hazırda kənar və orta dayaqlar betonlaşdırılır. Eyni zamanda, həmin yolun 10-cu kilometrliyində su nizamlayıcı qurğuların tikintisi də davam etdirilir, yola keçid və borular quraşdırılır.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, yeni salınan yol və körpülər Şəki və Qax rayonlarını birləşdirən köhnə avtomobil yolunun əsaslı təmiri və yenidənqurulması layihəsinin tərkib hissəsidir. Layihə çərçivəsində ötən ilin dekabrında bu yolun Şəkinin İnçə kəndindən keçən ərazisində Şin çayı üzərində Azərbaycanın ən uzun körpüsü - 1300 metr uzunluğunda yeni nəqliyyat infrastrukturu istifadəyə verilmişdir. Ümumi uzunluğu 35 kilometr olan bu yolda aparılan əsaslı təmir və yenidənqurma işlərinin 2012-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.