REGİONLAR
Şəkidə kənd təsərrüfatı işlərinin gedişinə həsr olunmuş zona müşavirəsi keçirilmişdir
Şəki, 19 yanvar (AZƏRTAC). Şəki şəhərində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə “Kənd təsərrüfatı işlərinin gedişi və qarşıda duran vəzifələr” mövzusunda zona seminar-müşavirəsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə nazirliyin məsul nümayəndələri, Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında fəaliyyət göstərən özəl toxumçuluq və iri fermer təsərrüfatlarının rəhbərləri iştirak etmişlər.
Müşavirəni giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Xəlil Xəlilov açaraq nazirliyin məsul nümayəndələrinin iştirak etdikləri tədbirin bölgədə kənd təsərrüfatı işlərinin gedişi ilə yaxından tanış olmaq, qarşıda duran vəzifələri müəyyənləşdirmək məqsədi daşıdığını bildirmiş, seminarın işinə uğurlar arzulamışdır.
Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik məhsulları istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev çıxış edərək son illər respublikamızda aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər barədə danışmışdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına maddi və texniki yardımın göstərilməsinin dövlət səviyyəsində tənzimlənməsi nəticəsində son illər respublikamızda aqrar sahədə dinamik inkişafa nail olunduğunu nəzərə çarpdıran şöbə müdiri, artıq daxili istehsal hesabına ölkə əhalisinin əksər növ kənd təsərrüfatı məhsulları ilə təmin edildiyini, ərzaq qıtlığı kimi narahatlıq doğuran bir məsələnin uğurlu həlli üçün münbit zəmin yarandığını bildirmişdir.
Müşavirədə qeyd olunmuşdur ki, bu ilki qış mövsümünün mülayim və şaxtasız keçməsi respublikanın əksər taxılçılıq rayonlarında taxıl sahələrində siçanabənzər gəmiricilərin, taxıl hafı kimi zərərvericilərin geniş yayılmasına şərait yaratmışdır. Nazirlik tərəfindən regionlarda keçirilən belə müşavirələrin əsas məqsədi rayonlarda siçanabənzər gəmiricilər və taxıl hafına qarşı əlaqədar qurumlar tərəfindən aparılan kimyəvi mübarizə tədbirləri barədə məlumat almaq, qarşıya çıxan problemləri müəyyənləşdirmək, fermerlərə metodiki tövsiyələr verməkdir.
Tədbirdə respublika baş dövlət toxum müfəttişi Mikayıl Zeynalov, habelə rayonların bitki mühafizəsi stansiyalarının rəhbərləri çıxış edərək taxıl sahələrində mövcud vəziyyət, gəmiricilər və digər zərərvericilərə qarşı aparılan kimyəvi mübarizə tədbirləri barədə məlumat vermişlər.