REGİONLAR
Şəkidə tütün sahələrində pambıq sovkasına qarşı mübarizə tədbirləri davam edir
Bakı, 1 sentyabr, AZƏRTAC
Şəki rayon Bitki Mühafizəsi Mərkəzinin (BMM) mütəxəssisləri tərəfindən rayonun 870 hektar tütün sahələrində pambıq sovkasına qarşı fitosanitar müşahidələr aparılıb, 680 hektarda pambıq sovkası, tütün mənənəsi və tütün tripsi ilə sirayətlənmə aşkarlanıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, məhsul itkisinin qarşısını almaq məqsədilə, ümumilikdə, 415 hektar sahədə fermerlər tərəfindən kimyəvi mübarizə tədbirləri aparılıb.
Qeyd edək ki, pambıq sovkası Azərbaycanın tütünçülüklə məşğul olan bütün zonalarında, xüsusilə Balakən, Zaqatala, Qax, Şəki rayonlarında tütün yarpaqlarını və toxum qozalarını zədələyir. Zərərverici məhsuldarlığı 3-7 faizə qədər aşağı salır.
Şəki rayon BMM-nin mütəxəssislərinin apardığı çoxillik tədqiqatlar göstərir ki, torpaq istifadəçiləri tərəfindən aqrotexniki tədbirlərin vaxtında və düzgün yerinə yetirilməməsi, növbəli əkinin aparılmaması və son illərin qlobal istiləşməsi nəticəsində bir çox zərərvericilərin aqressivliyi artıb. Əvvəllər iqtisadi əhəmiyyət kəsb etməyən zərərli orqanizmlər (taxıl milçəkləri, taxıl mənənələri, taxıl mişarçıları, fitonomus və s.) xeyli çoxalıb. Odur ki, aqrotexniki tədbirlərin, xüsusilə növbəli əkinin, qara heriyin əhəmiyyəti fermerlərlə hər görüşdə ərtaflı izah olunur. Kimyəvi mübarizə zərurəti yarandıqda isə pestisidlərin tətbiqi reqlamentinə və zəhərli maddələrlə işləyərkən təhlükəsizlik qaydalarına əməl etmələri tövsiyə edilir.