Şəkidə Zəfər Günü böyük coşqu ilə qeyd olunub
Şəki, 8 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Zəfər Günü münasibətilə noyabrın 8-də Şəki Şəhər Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda təntənəli bayram tədbiri təşkil olunub. Tədbirdə şəhər rəhbərliyi, Vətən müharibəsi iştirakçıları və qaziləri, ictimaiyyət nümayəndələri, gənclər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Mərkəzin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açıb, tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib.
Bildirilib ki, qədim Şuşa şəhərinin rəşadətli Ordumuz tərəfindən işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldı. Qırx dörd günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərin igidliyi və rəşadəti sayəsində əldə olunub.
Sonra Şəkinin incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı təqdim olunub.
Zəfər Günü münasibətilə Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda fləş-mob keçirilib. Dörd yüz nəfərə yaxın tələbə meydanda “Qarabağ Azərbaycandır!” ifadəsinin təsvirini yaradıblar.
Bayram tədbirindən sonra mərkəzin ərazisində Zəfər Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib.