REGİONLAR
Şəkili fermer: Tütünçülüyün inkişafına dövlət dəstəyi bizi daha da ruhlandırır
Şəki, 6 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Tütünçülüyün inkişafına dövlət tərəfindən yüksək diqqətin göstərilməsi, subsidiyaların ayrılması, tütünün satış qiymətinin artırılması fermerlərin bu sahəyə marağını xeyli artırıb. Şəkidən olan gənc fermer Həsən Səfərov ikinci ildir ki, tütünçülüklə məşğuldur. O, ötən il Qax və Şəki rayonlarının ərazisində 31 hektar sahədə tütün əkib, 540 ton yaşıl tütün kütləsi istehsal edib. Dövlətin bu sahəyə dəstəyindən ruhlanan gənc fermer bu il tütün əkini sahələrini 2 dəfədən çox genişləndirərək 64 hektara çatdırıb.
Prezident İlham Əliyevin sədrliyi ilə avqustun 4-də Qaxda keçirilən respublika müşavirəsinin nəticələrinin tütünçülüyün gələcək inkişafına böyük təsir göstərəcəyinə əminliyini ifadə edən fermer AZƏRTAC-a müsahibəsində deyib: “Müşavirədə dövlətimizin başçısı nitqində tütünçülüyün inkişafına dair xüsusi Dövlət Proqramının qəbul ediləcəyini diqqətə çatdırdı. Bu, biz fermerlərin ürəyincədir. Tütün istehsalçısı hər zaman əmin olmalıdır ki, yetişdirdiyi məhsul sahələrdə qalmayacaq, tütünü asanlıqla qəbul məntəqələrinə təhvil verəcək. Bu istiqamətdə onsuz da problemlə üzləşmirik, qəbul məntəqələrində hər cür şərait yaradılıb. Bir daha əmin olduq ki, dövlət bu sahəyə dəstəyini heç zaman əsirgəməyəcək”.
Gənc fermer mövsümün əvvəlindən indiyədək qəbul məntəqəsinə 270 ton yaşıl tütün kütləsi təhvil verib. Tütün yığımına 50 nəfərədək işçi cəlb edib. Onların hər birinə zəhmət haqqı olaraq, gündəlik 10 manat ödənilir. Hələlik sahələrdə məhsul boldur. Fermer cari mövsümdə 900 tona yaxın tütün istehsal etməyi qarşısına məqsəd qoyub.