ELM VƏ TƏHSİL
Səkkiz il ərzində 3500-dən çox Azərbaycan vətəndaşı xaricdə təhsil almaq hüququ qazanıb
Bakı, 13 oktyabr, AZƏRTAC
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı” üzrə cari ildə 373 nəfər, ümumilikdə isə Proqramın qüvvədə olduğu 8 il ərzində 3558 nəfər Azərbaycan vətəndaşı dünyanın aparıcı təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Bu günədək 1000-ə yaxın tələbə artıq məzun olub.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu barədə danışan təhsil naziri Mikayıl Cabbarov hazırda məzunların işlə təminatı sahəsində təcrübə və karyera layihəsinin icra edildiyini bildirib.
Nazir qeyd edib ki, proqramın cari ildə başa çatması nəzərə alınaraq, yeni Dövlət Proqramının layihəsi hazırlanıb və hazırda razılaşdırma mərhələsindədir. Layihədə əvvəlki Dövlət Proqramının əhatə dairəsi genişləndirilib, əcnəbi professor-müəllim heyətinin Azərbaycanın ali təhsil müəssisələrində tədrisə cəlb edilməsi, onların iştirakı ilə birgə elmi tədqiqatların aparılması kimi yeni məqsədlər əlavə olunub.