DÜNYA
Səksən yaşlı yapon alpinisti Everesti fəth etmişdir
Tokio, 23 may (AZƏRTAC). Səksən yaşlı yapon alpinisti Yuikiro Miura Everesti növbəti dəfə fəth etmişdir. Bununla da Y.Miura dünyanın ən hündür zirvəsini fəth edən ən yaşlı alpinist olmuşdur.
Xəbər verdiyimiz kimi, Yuikiro Miura zirvəni fəth etmək üçün mayın 16-da Nepalda 5300 metr hündürlükdəki baza düşərgəsindən yola çıxmışdı. Bundan sonra bir neçə çətin keçilən yerlərdən, eləcə də “Icefall” buzlağından və “Lhotse Face” buz divarından keçməli olmuşdu. Mayın 23-də isə 8500 metr hündürlükdə yerləşən sonuncu düşərgəni tərk etmişdi. 8848 metr hündürlüyə malik zirvəyə yetişmək üçün qocaman alpinistə təxminən 8 sutka vaxt lazım gəlmişdir.
Xatırladaq ki, Yuikiro Miura dünyanın ən hündür zirvəsini üçüncü dəfədir fəth edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio