ŞEKSPİR XƏRÇƏNGDƏN ÖLÜB?
Mayntslı ekspertlər qrupuna Marburq və Maynts universitetlərinin ingilis ədəbiyyatı professoru Hildeqard Hammerşmidt-Hummel başçılıq edir. O, Şekspirdə limfa düyünləri xərçəngi olduğu barədə öz fərziyyəsini şairin dörd təsvirinin müqayisəsi əsasında irəli sürmüşdür. Bu təsvirlərdə, o cümlədən Şekspirin ölümündən sonrakı maskasında onun sol gözü üstündə şiş görünür.
Xanım Hammerşmidt-Hummelin tədqiqatının tam nəticələri gələn ilin aprelində Böyük Britaniyada nəşr olunacaqdır.
Alman aliminin tədqiqatı barədə xəbər İngiltərədə təəccüb və hətta hiddət doğurmuşdur. Belə ki, şairin Darmştadtda saxlanılan ölümündən sonrakı maskası XIX əsrin saxtakarlığı sayılır. Londonun “Harrik” klubunda saxlanılan, Davenant büstü adlandırılan heykəltəraşlıq əsəri isə XVIII əsrin ortalarında yaşayıb yaratmış fransız heykəltəraşı Lui-Fransua Rubiyyaka aid edilir. Məlum olmuşdur ki, alman tədqiqatçıların araşdırdıqları Şekspirin portretlərindən biri – Flauer portreti (Flauer onu “Royal Şekspir Kompani” teatrına vəsiyyət etmiş ailənin soyadıdır) XIX əsrin birinci yarısına aid saxta əsər imiş. Alimlər dördüncü təsvirin – Çandos portretinin əsilliyinə də şübhə ilə yanaşırlar. Nəhayət, ikiölçülü portretlərin üçölçülü büst və maska ilə tutuşdurulması metodikasının özünü ingilis mütəxəssislər səhv üsul adlandırmışlar.
Uilyam Şekspir 1616-cı ildə 52 yaşında vəfat etmişdir. Onun ölümünün səbəbləri, eləcə də ömrünün son illərindəki həyat şəraiti naməlum olaraq qalır.