REGİONLAR
Şəmkirdə 9 ayın sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
Şəmkir, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 18-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində rayonun cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzıfələrə həsr olunan şura iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov cari ilin doqquz ayında Şəmkirdə görülmüş işlərdən söhbət açıb. Bildirib ki, cari ilin doqquz ayında respublikanın hər yerində olduğu kimi, Şəmkir rayonunda da sosial-iqtisadi inkişaf təmin edilib. Rayonda “Ceyrançöl” MMC, Şəmkir “Aqropark”, “Morul tikinti” MMC kimi müəssisələr yaradılıb. Əhalinin işlə təmin olunması, istehsal etdiyi məhsulların realizə olunması və saxlanılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Yaxın vaxtlarda gücü 30 min ton olan taxıl saxlama anbarının və sutkada 60 ton taxıl üyüdən dəyirmanın tikintisinə başlanılacaq.
Sonra Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev son dövrlərdə Şəmkirdə həyata keçirilən tədbirlərdən danışıb.
Rayon təhsil şöbəsinin müdiri Məcid Şıxlinski və mərkəzi xəstəxananın baş həkimi Abdulla Rzayev təhsil və səhiyyə sahələrində görülən işlərdən bəhs ediblər. Bildiriblər ki, bütün sahələrdə olduğu kimi, rayonun təhsil və səhiyyə sahələrinin də maddi-texniki bazasının gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.