Şəmkirdə media nümayəndələri ilə görüş keçirilib
Şəmkir, 23 iyul, Elcan Məmmədov, AZƏRTAC
Şəmkir Rayon İcra Hakimiyyəti 22 İyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş təşkil edib.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı, İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, regionun nüfuzlu mətbuat orqanlarının nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Süleyman Zeynallı çıxışında Azərbaycanın milli mətbuatının yaranmasından, şərəfli inkişaf tarixindən danışıb, mətbuatımızın müstəqillik dövründəki fəaliyyətində xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərini vurğulayıb.
İcra başçısının birinci müavini tariximizə qızıl hərflərlə həkk olunmuş 44 günlük Vətən müharibəsindən də söhbət açaraq kütləvi informasiya vasitələrinin nümayəndələrinin həmin dövrdə də fədakarlıqlarından danışıb, mətbuat işçilərini peşə bayramları münasibətilə təbrik edib, məsuliyyətli fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Jurnalistlər səmimi görüşə görə Şəmkir Rayon İcra Hakimiyyətinə təşəkkürlərini bildiriblər.
Sonda mətbuat nümayəndələrinə fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.