REGİONLAR
Şəmkirli gənclər insan hüquqları ilə bağlı maarifləndiriliblər
Şəmkir, 26 yanvar, Famil Quliyev, AZƏRTAC
Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Şəmkir Gənclər Mərkəzində təşkil olunan tədbirdə gənclər insan hüquqları ilə bağlı maarifləndiriliblər.
AZƏRTAC xəbər verir ki, ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasovun, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai- siyasi və humanitar məsələlər şöbəsinin müavini, dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyevin, təhsil, səhiyyə, mədəniyyət işçilərinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin və fəal gənclərin iştirak etdiyi tədbirdə ölkəmizdə mövcud olan İslam həmrəyliyinin mahiyyəti, humanist ideyalar, səciyyəvi xüsusiyyətləri, insan hüquqlarının dünyada sülh və təhlükəsizliyin təmininə yönəlmiş üstünlükləri ilə bağlı məlumat verilib.
Bundan əlavə, Azərbaycanda dini icmalar arasında təşəkkül tapmış nümunəvi həmrəylik mühiti, həmçinin Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramından irəli gələn məsələlərlə bağlı maarifləndirmə məqsədli söhbətlər aparılıb.