REGİONLAR
Şən və Hazırcavablar klubları arasında müsabiqəyə yekun vurulub
Naxçıvan, 16 noyabr, AZƏRTAC
Naxçıvan şəhərindəki Gənclik Mərkəzində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin Şən və Hazırcavablar klubları arasında 10-17 noyabr - Beynəlxalq Tələbə-Gənclər Həftəsi münasibətilə müsabiqə keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Nicat Babayev çıxış edərək tədbirin mahiyyəti haqqında məlumat verib, iştirakçılara uğurlar arzulayıb.
Müsabiqədə Naxçıvan Dövlət Universitetinin “Karvan”, “Naxçıvan” Universitetinin “Özəl KVN”, Naxçıvan Müəllimlər İnstitutunun “Nəqşicahan”, Naxçıvan Tibb Kollecinin “Zirvə” və Naxçıvan Dövlət Texniki Kollecinin “Gülüş” komandaları iştirak ediblər.
Münsiflər heyətinin qərarına əsasən I yerə “Karvan”, II yerə “Nəqşicahan”, III yerə isə “Gülüş” komandaları layiq görülüb.