İQTİSADİYYAT
Sənaye şəhərciyi infrastrukturunun formalaşdırılması və qeyri-neft sənayesinin inkişaf etdirilməsi prosesi artıq başlanmışdır
Bakı, 6 fevral (AZƏRTAC). Sənayenin innovasiyalar əsasında inkişafının təmin olunması, texnoparkların sənayeləşmədə əsas strateji layihələr kimi yer alması “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da başlıca hədəflər sırasındadır.
Bunu Vergilər Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Akif Musayev AZƏRTAC-a bildirmişdir.
A.Musayev vurğulamışdır ki, yaxın gələcəkdə dövlət investisiya siyasətində əsas istiqamətlərdən biri də sənaye şəhərciyi infrastrukturunun formalaşdırılması və qeyri-neft sənayesinin inkişaf etdirilməsi ilə bağlı olacaqdır. Bu proses artıq start götürmüşdür. Sumqayıt şəhərində Kimya Sənaye Parkı, Yüksək Texnologiyalar Parkı və Balaxanı Sənaye Parkının yaradılması bu istiqamətdə atılmış ilk addımlardır.
İdarə rəisi diqqətə çatdırmışdır ki, bu baxımdan orta və uzunmüddətli perspektivdə texnoparkların inkişafını stimullaşdırmaq üçün ölkənin vergi qanunvericiliyində sənaye və texnologiyalar parklarında çalışan fiziki və hüquqi şəxslərə, eləcə də parkların idarəedici təşkilat və operatorlarına gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə 7 illik vergi güzəştləri nəzərdə tutulmuşdur.
A.Musayev demişdir ki, Vergi Məcəlləsinə texnoparklarla bağlı edilmiş əlavə və dəyişikliklər iqtisadiyyatın inkişafına müsbət təsir göstərəcək, layihələrin miqyasının artmasına, bu sahəyə investorların cəlb olunmasına, yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye məhsullarının istehsalına, yeni iş yerlərinin yaradılmasına imkan verəcəkdir.