SƏNƏDLƏRİN İMZALANMA MƏRASİMİ
Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti İon İliyesku Birgə bəyannamə imzaladılar.
Azərbaycan və Rumıniya hökumətləri arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Rumıniya tərəfdən Daxili İşlər Nazirliyinin dövlət katibi Marian Florian Sanutşa, Azərbaycan və Rumıniya arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişi Azərbaycan tərəfdən Baş nazirin birinci müavini Yaqub Eyyubov, Rumıniya tərəfdən gömrük naziri Tudor Panosesku, Azərbaycan Ədliyyə Nazirliyi və Rumıniya Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən ədliyyə naziri Fikrət Məmmədov, Rumıniya tərəfdən ədliyyə naziri Kristian Dyakonesku imzaladılar.
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Rumıniyanın Əmək, Sosial Həmrəylik və Ailə İşləri Nazirliyi arasında əməkdaşlıq haqqında protokolu Azərbaycan tərəfdən Baş nazirin birinci müavini Yaqub Eyyubov, Rumıniya tərəfdən əmək, sosial həmrəylik və ailə işləri naziri Dan Mirça Popesku, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Rumıniya Kəşfiyyat Xidməti arasında əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən milli təhlükəsizlik naziri Eldar Mahmudov, Rumıniya tərəfdən informasiya xidmətinin rəisi Aleksandru Radu Timofte, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti ilə Radio və Azad Rumın Televiziyası arasında əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən Dövlət Teleradio Verilişləri Şirkətinin sədri Nizami Xudiyev, Rumıniya tərəfdən Radio və Azad Rumın Televiziyasının prezidenti Valentin Nikolau imzaladılar.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Rumıniya Arxiv İdarəsinin baş direktoru İon Oros Azərbaycan Respublikası Milli Arxiv idarəsi ilə Rumıniya Milli Arxivi arasında əməkdaşlıq haqqında sazişi, Azərbaycan Dövlət Neft Akademiyası və Ployeşti Neft-Qaz Universiteti arasında əməkdaşlıq haqqında protokolu ADNA-nın rektoru Siyavuş Qarayev və universitetin direktoru Vlad Ulmanu, Azərbaycan Təhsil Nazirliyi ilə Rumıniya Təhsil və Elmi Tədqiqatlar Nazirliyi arasında əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən Baş nazirin birinci müavini Yaqub Eyyubov, Rumıniya tərəfdən təhsil və elmi tədqiqatlar naziri Aleksandru Atanasiu, Bakı Dövlət Universiteti ilə Buxarest Lazer Plazma və Radiasiya Fizikası üzrə Milli İnstitutu və Konstansa Universiteti arasında əməkdaşlıq haqqında sazişi BDU-nun rektoru Abel Məhərrəmov, Buxarest Lazer Plazma və Radiasiya Fizikası üzrə Milli İnstitutunun baş direktoru İon Morjanu imzaladılar.