SƏNƏDLƏRİN İMZALANMA MƏRASİMİ
Mayın 11-də Prezident sarayında geniş tərkibdə görüşdən sonra Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında sənədlərin imzalanma mərasimi olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Koreya Respublikasının Prezidenti Ro Mu Hyun birgə bəyannamə imzaladılar.
Azərbaycan Dövlət Neft Şirkəti ilə Koreya Respublikasının Milli Neft Şirkəti arasında qarşılıqlı anlaşma və əməkdaşlığa dair memorandumu şirkətlərin rəhbərləri Rövnəq Abdullayev və Hvanq Du Yul, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Koreya Respublikasının İnformasiya və Rabitə Nazirliyi arasında qarşılıqlı anlaşma memorandumunu nazirlər Əli Abbasov və Ro Yun Yonq, Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi ilə Koreya Respublikasının Ticarət, Sənaye və Energetika Nazirliyi arasında qarşılıqlı anlaşma memorandumunu nazirlər Natiq Əliyev və Çon Se Qyun, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Koreya Respublikasının Tikinti və Nəqliyyat Nazirliyi arasında qarşılıqlı anlaşma memorandumunu nazirlər Kəmaləddin Heydərov və Çu Byun Çjik, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Koreya Respublikasının Tikinti və Nəqliyyat Nazirliyi arasında qarşılıqlı anlaşma memorandumunu nazirlər Ziya Məmmədov və Çu Byun Çjik, Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair sazişi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Koreya Respublikasının xarici işlər və xarici ticarət naziri Pan Gi Mun imzaladılar.
Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında hava xidməti sazişini isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Koreya Respublikasının xarici işlər və xarici ticarət naziri Pan Gi Mun imzaladılar.