RƏSMİ XRONİKA
SƏNƏDLƏRİN İMZALANMA MƏRASİMİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 23-də “Çonqvade” sarayında, dövlət başçılarının geniş tərkibdə görüşü başa çatdıqdan sonra, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Koreya Respublikasının Prezidenti Ro Mu Hyunun iştirakı ilə Azərbaycan və Cənubi Koreya arasında ikitərəfli əməkdaşlığa dair sənədlərin imzalanma mərasimi olmuşdur.
Əvvəlcə prezidentlər İlham Əliyev və Ro Mu Hyun Azərbaycan Respublikası və Koreya Respublikası arasında Birgə bəyannaməni imzaladılar.
Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qorunması haqqında sazişi Azərbaycan tərəfindən iqtisadi inkişaf naziri Heydər Babayev, Cənubi Koreya tərəfindən xarici işlər və xarici ticarət naziri Son Min Sun imzaladılar.
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Koreya Respublikasının İnformasiya və Rabitə Nazirliyi arasında Elektron hökumətin formalaşdırılması sahəsində əməkdaşlıq üzrə anlaşma memorandumunu Azərbaycan tərəfindən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Cənubi Koreya tərəfindən informasiya və rabitə naziri Ho Çjun Hyun imzaladılar.
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Koreya Respublikasının Tikinti və Nəqliyyat Nazirliyi arasında intellektual nəqliyyat sistemi sahəsində əməkdaşlıq üzrə anlaşma memorandumunu Azərbaycan tərəfindən nəqliyyat naziri Ziya Məmmədov, Cənubi Koreya tərəfindən tikinti və nəqliyyat naziri Li Yon So imzaladılar.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Koreya Respublikasının Milli Fövqəladə Halların İdarə Olunması Agentliyi arasında fövqəladə halların idarə olunması sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunu Azərbaycan tərəfindən fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Cənubi Koreya tərəfindən Milli Fövqəladə Halların İdarə Olunması Agentliyinin rəhbəri Lum Von Kyon imzaladılar.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Koreya Respublikasının Milli Neft Korporasiyası arasında anlaşma memorandumunu Azərbaycan tərəfindən sənaye və energetika naziri Natiq Əliyev, cənubi Koreya tərəfindən Milli Neft Korporasiyasının icraçı direktoru Hvan Tu-Yul imzaladılar.
Xatırladaq ki, nəqliyyat nazirlikləri arasında imzalanan sənəd çərçivəsində Cənubi Koreya Bakı şəhərində nəqliyyatın intellektual idarəetmə sisteminin yaradılmasına kömək edəcəkdir. Layihənin ilkin qiymətləndirilməsi 50-55 milyon dollar, həyata keçirilməsi müddəti üç ildir. Bundan sonra müsabiqə elan olunub-olunmaması nəzərdə tutulur. Cənubi Koreya ekspertləri tərəfindən aparılmış araşdırmalar göstərmişdir ki, birgə fəaliyyət nəticəsində Azərbaycan paytaxtında analoji sistemin qurulması mümkündür. Bu sistemin yaradılması nəticəsində nəqliyyat vasitələrinin hərəkəti, sürəti, dayanacaqları, nəqliyyat qəzaları, tıxaclar və sair barədə operativ məlumatların mərkəzi dispetçerə ötürülməsi mümkün olacaqdır.