RƏSMİ XRONİKA
SƏNƏDLƏRİN İMZALANMA MƏRASİMİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 29-da Bəsman sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullahın iştirakı ilə sənədlərin imzalanma mərasimi olmuşdur.
“2007-2009-cu illər üçün Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında təhsil, elm, mədəniyyət və incəsənət, gənclər və idman, səhiyyə və media sahələrində əməkdaşlıq üzrə icraedici proqram”ı Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov, İordaniya tərəfindən planlaşdırma və beynəlxalq əməkdaşlıq naziri xanım Süheyr əl-Əli imzaladılar.
“Bakı Şəhəri İcra Hakimiyyəti və Böyük Əmman bələdiyyəsi arasında dostluq və əməkdaşlıq haqqında protokol”u Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Böyük Əmman bələdiyyəsinin meri Ömər əl- Məəni imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiya haqqında protokol”u Azərbaycan tərəfindən iqtisadi inkişaf naziri Heydər Babayev, İordaniya tərəfindən sənaye və ticarət naziri Salim Xəzaaleh imzaladılar.
“Azərbaycan-İordaniya İşgüzar Şurasının təsis olunmasına dair saziş”i Azərbaycan tərəfindən iqtisadi inkişaf naziri Heydər Babayev, İordaniya tərəfindən İordaniya İş Adamları Assosiasiyası sədrinin müavini Tabit əl- Tahir imzaladılar.
Sonra rəsmi fotoşəkil çəkdirildi.