SƏNƏDLƏRİN İMZALANMA MƏRASİMİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, avqustun 7-də Qazaxıstan Prezidentinin sarayında Azərbaycan ilə Qazaxıstan arasında sənədlərin imzalanma mərasimi olmuşdur.
“Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında azadlıqdan məhrum edilmiş şəxslərin cəzalarının qalan hissəsini çəkmək üçün verilməsi haqqında müqaviləyə dəyişikliklər edilməsi barədə protokol”u Azərbaycan tərəfindən Baş prokuror Zakir Qaralov, Qazaxıstan tərəfindən Baş prokuror Rəşid Tusupbekov imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında müdafiə sahəsində sənaye müəssisələrinin istehsalat və elmi-texniki kooperasiyası sahəsində əməkdaşlıq haqqında saziş”i Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Heydər Babayev, Qazaxıstan Respublikasının sənaye və ticarət naziri Qalım Orazbakov imzaladılar.
“Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Qazaxıstan Respublikasının Maliyyə Bazarının və Maliyyə Təşkilatlarının Tənzimlənməsi və Nəzarəti üzrə Agentliyi arasında anlaşma memorandumu”nu Azərbaycan tərəfindən Komitənin sədri Gündüz Məmmədov və Qazaxıstan tərəfindən Agentliyin sədr müavini Qani Uzbekov imzaladılar.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və “Qazaxıstan Televiziya və Radio Korporasiyası” Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında saziş”i Azərbaycan tərəfindən AzTV-nin sədri Arif Alışanov və Qazaxıstan tərəfindən korporasiya sədrinin müavini Dauren Abduxamitov imzaladılar.