SƏNƏDLƏRİN İMZALANMA MƏRASİMİ
AZƏRTAC xəbər verir ki, avqustun 28-də Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin iştirakı ilə sənədlərin imzalanma mərasimi olmuşdur.
Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Qətərin Ticarət və Sənaye Palatası arasında Müştərək Biznes Şurasının (MBŞ) təsis edilməsi barədə sazişi və palatalar arasında anlaşma memorandumunu Azərbaycanın Ticarət və Sənaye Palatasının prezidenti Süleyman Tatlıyev və Qətərin maliyyə naziri Yusif Hüseyn Kamal imzaladılar.
Azərbaycan Respublikası hökuməti və Qətər Dövləti hökuməti arasında hava daşımalarına dair sazişi “Azərbaycan Hava Yolları” Dövlət Konserninin baş direktoru Cahangir Əsgərov və Qətərin maliyyə naziri Yusif Hüseyn Kamal imzaladılar.
Azərbaycan Respublikası hökuməti və Qətər Dövləti hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında sazişi Azərbaycanın vergilər naziri Fazil Məmmədov və Qətərin maliyyə naziri Yusif Hüseyn Kamal imzaladılar.
Azərbaycan Respublikası hökuməti və Qətər Dövləti hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişi Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev və Qətərin maliyyə naziri Yusif Hüseyn Kamal imzaladılar.