SƏNƏDLƏRİN İMZALANMA MƏRASİMİ
AZƏRTAC xəbər verir ki, noyabrın 6-da Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün geniş tərkibdə görüşündən sonra Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Gül strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzaladılar.
“Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Türkiyə Respublikası Qadın və Ailə Məsələləri üzrə Dövlət Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum”u Azərbaycan tərəfdən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Türkiyə tərəfdən dövlət naziri xanım Nimet Çubukçu, “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında gənclərlə iş və idman sahəsində əməkdaşlıq haqqında saziş”i Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə tərəfdən dövlət naziri Nimet Çubukçu imzaladılar. “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş”i və “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında uzunmüddətli ticarət və iqtisadi əməkdaşlıq proqramı və İcra planı”nı Azərbaycan tərəfdən Baş nazirin müavini Abid Şərifov, Türkiyə tərəfdən dövlət naziri Kürşat Tüzmən imzaladılar.