SƏNƏDLƏRİN İMZALANMA MƏRASİMİ
AZƏRTAC xəbər verir ki, mayın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun geniş tərkibdə görüşündən sonra dövlət başçılarının iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanma mərasimi olmuşdur.
Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası və Türkmənistanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında sazişi Azərbaycan Ticarət və Sənaye Palatasının sədri Süleyman Tatlıyev və Türkmənistan Ticarət və Sənaye Palatasının prezidenti Palvan Taqanov imzaladılar.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Türkmənistanın İqtisadiyyat və Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında sazişi Azərbaycanın maliyyə naziri Samir Şərifov və Türkmənistan Baş nazirinin müavini Xocamurad Geldimuradov imzaladılar.
Azərbaycan Respublikası hökuməti ilə Türkmənistan hökuməti arasında beynəlxalq kombinə edilmiş yükdaşımaları haqqında sazişi Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Türkmənistanın dəmir yolu nəqliyyatı naziri Dəryaqulu Məhəmmədquluyev imzaladılar.
Azərbaycan Respublikası hökuməti və Türkmənistan hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında sazişi Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Türkmənistanın dəmir yolu nəqliyyatı naziri Dəryaqulu Məhəmmmədquluyev imzaladılar.
Azərbaycan Respublikası hökuməti və Türkmənistan hökuməti arasında standartlaşdırma, metrologiya və akkreditasiya sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Türkmənistan Baş nazirinin müavini Xocamurad Geldimuradov imzaladılar.
Azərbaycan Respublikası hökuməti və Türkmənistan hökuməti arasında gənclərlə iş və idman sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Türkmənistan Baş nazirinin müavini Xıdır Saparlıyev imzaladılar.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Türkmənistanın Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında protokolu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkmənistan Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov imzaladılar.