SƏNƏDLƏRİN İMZALANMASI
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 4-də “Riqa” qəsrində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Vayra Vike-Freyberqanın iştirakı ilə rəsmi sənədlərin imzalanma mərasimi olmuşdur.
İlk olaraq Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Vayra Vike-Freyberqa Birgə bəyannamə imzaladılar.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Latviya Respublikasının Təhsil və Elm Nazirliyi arasında “Təhsil sahəsində əməkdaşlıq haqqında saziş”i Azərbaycan tərəfindən təhsil naziri Misir Mərdanov və Latviya tərəfindən təhsil və elm naziri xanım Bayba Rivja imzaladılar.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Latviya Respublikasının Maliyyə Nazirliyi arasında “Maliyyə sahəsində əməkdaşlıq haqqında saziş”i Azərbaycan tərəfindən maliyyə naziri Samir Şərifov və Latviya tərəfindən maliyyə naziri Oskar Spurdzinş imzaladılar.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Latviya Respublikasının Səhiyyə Nazirliyi arasında “Səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında saziş”i Azərbaycan tərəfindən səhiyyə naziri Oqtay Şirəliyev və Latviya tərəfindən səhiyyə naziri Qundars Berzinş imzaladılar.
Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında “İnformasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında saziş”i Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov və Latviya tərəfindən informasiya və kommunikasiya texnologiyaları naziri xanım İna Qudele imzaladılar.
Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında “Hava əlaqələri haqqında saziş”i Azərbaycan tərəfindən “Azərbaycan Hava Yolları” Dövlət Konserninin baş direktoru Cahangir Əsgərov və Latviya tərəfindən nəqliyyat naziri Krişyanis Peters imzaladılar.
Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında “Rabitə sahəsində əməkdaşlıq haqqında saziş”i Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov və Latviya tərəfindən nəqliyyat naziri Krişyanis Peters imzaladılar.