SƏNƏDLƏRİN İMZALANMASI
Avqustun 13-də Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun geniş tərkibdə görüşündən sonra Azərbaycan-Tacikistan sənədlərinin imzalanması mərasimi olmuşdur.
Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında Birgə Bəyannaməni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon imzaladılar.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi və Tacikistan Respublikası Dövlət Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev, Tacikistan tərəfdən Dövlət Statistika Komitəsinin sədri Mirqand Şabozov imzaladılar.
“Det.Al Metal DMCC” və “TALCO management Ltd” şirkətləri arasında çoxtərəfli əməkdaşlıq proqramı haqqında çərçivə sazişini Azərbaycan tərəfdən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Tacikistan tərəfdən iqtisadi inkişaf və ticarət naziri Qulomjon Bobozadə imzaladılar.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə Tacikistan Respublikası Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Tacikistan tərəfdən ədliyyə naziri Baxtiyer Xudoyarov imzaladılar.
Azərbaycan Respublikasının Hökuməti ilə Tacikistan Respublikasının Hökuməti arasında elm, texnika və texnologiya sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, Tacikistan tərəfdən Tacikistan Respublikası Elmlər Akademiyasının prezidenti Mamadşo İlolov imzaladılar.
Azərbaycan Respublikasının Hökuməti ilə Tacikistan Respublikasının Hökuməti arasında rabitə və informasiyalaşdırma sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Tacikistan tərəfdən nəqliyyat və kommunikasiyalar naziri Əbdürəhim Aşur imzaladılar.
Azərbaycan Respublikasının Hökuməti ilə Tacikistan Respublikasının Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən təhsil naziri Misir Mərdanov, Tacikistan tərəfdən xarici işlər naziri Xamroxon Zaripi imzaladılar.
Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında ikiqat vergitutmanın aradan qaldırılması, gəlir və kapitala görə vergilərin ödənilməsindən yayınma hallarının qarşısının alınması barədə sazişi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Tacikistan tərəfdən maliyyə naziri Səfərəli Nacmuddinov imzaladılar.
Azərbaycan Respublikasının Hökuməti ilə Tacikistan Respublikasının Hökuməti arasında azad ticarət haqqında sazişi Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Heydər Babayev, Tacikistan tərəfdən iqtisadi inkişaf və ticarət naziri Qulomjon Bobozadə imzaladılar.