SƏNƏDLƏRİN İMZALANMASI
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, fevralın 18-də Macarıstan Prezidentinin iqamətgahında, Şandor sarayında ikitərəfli sənədlərin imzalanma mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin və Macarıstan Prezidenti Laslo Şoyomun Birgə bəyanatı qəbul olundu.
Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Heydər Babayev, Macarıstan tərəfdən iqtisadiyyat və nəqliyyat naziri Cabo Kakoşi, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergitutmadan yayınmanın qarşısının alınması haqqında sazişi Azərbaycan tərəfdən vergilər naziri Fazil Məmmədov, Macarıstan tərəfdən maliyyə naziri Yanoş Vereş imzaladılar.
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Macarıstanın iqtisadiyyat və nəqliyyat naziri Cabo Kakoşi Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Macarıstan Respublikasının İqtisadiyyat və Nəqliyyat Nazirliyi arasında əməkdaşlığa dair sazişi imzaladılar.
Azərbaycan Respublikasının və Macarıstan Respublikasının xarici işlər nazirlərinin Birgə bəyannaməsi də qəbul olundu.
Sənədlərin imzalanmasından sonra prezidentlər birgə mətbuat konfransı keçirdilər.