SƏNƏDLƏRİN İMZALANMASI
Tehran, 10 mart (AZƏRTAC). Xüsusi müxbirlərimiz xəbər verirlər ki, martın 10-da geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Mahmud Əhmədinejadın iştirakı ilə sənədlərin imzalanma mərasimi olmuşdur.
Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında sazişi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, İran tərəfdən iqtisadiyyat və maliyyə naziri Şəmsəddin Hüseyni imzaladılar.
Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında iqtisadiyyat və ticarət üzrə əhatəli əməkdaşlığa dair protokolu Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev, İran tərəfdən ticarət naziri Məsud Mirkazımi imzaladılar.
Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlığa dair anlaşma memorandumunu Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, İran tərəfdən Prezidentin birinci müavini vəzifəsini icra edən Həmid Dəqai imzaladılar.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və İran İslam Respublikasının Mədəni İrs, Xalq Tətbiqi Sənəti və Turizm Təşkilatı arasında mədəni irs sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunu Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, İran tərəfdən Prezidentin birinci müavini vəzifəsini icra edən Həmid Dəqai imzaladılar.
Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası və İran İslam Respublikasının Milli Kitabxanası və Arxivi arasında əməkdaşlığa dair anlaşma memorandumunu Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, İran tərəfdən Prezidentin mədəniyyət məsələləri üzrə müşaviri, Milli Kitabxana və Arxivin sədri Əliəkbər Əşəri imzaladılar.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və İran İslam Respublikasının Statistika Mərkəzi arasında statistika sahəsində əməkdaşlığa dair anlaşma memorandumunu Azərbaycan tərəfdən Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev, İran tərəfdən Statistika Mərkəzinin sədri Məhəmməd Mədəd imzaladılar.
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında poçt məsələləri üzrə əməkdaşlıq haqqında anlaşma memorandumunu Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, İran tərəfdən xarici işlər naziri Mənuçehr Mottəki imzaladılar.