SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİ
Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Leonid Kuçma Birgə bəyannamə imzaladılar.
Sonra Azərbaycan Baş nazirinin birinci müavini Abbas Abbasov və Ukrayna Baş nazirinin müavini Andrey Klyuyev Azərbaycan Respublikası hökuməti və Ukrayna Nazirlər Kabineti arasında neft sahəsində əməkdaşlığın prinsipləri haqqında sazişi, Azərbaycan Respublikası hökuməti və Ukrayna Nazirlər Kabineti arasında neft-qaz maşınqayırması sahəsində əməkdaşlığın əsas prinsipləri haqqında sazişi imzaladılar.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ukraynanın sənaye siyasəti naziri Aleksandr Neustroyev Azərbaycan Respublikası hökuməti və Ukrayna Nazirlər Kabineti arasında sənayenin müdafiə sahəsində müəssisə və təşkilatların istehsal və elmi-texniki kooperasiyası haqqında sazişi, Azərbaycan Baş nazirinin birinci müavini Abbas Abbasov və Ukraynanın müdafiə naziri Yevgeni Marçuk hər iki ölkə aviasiyasının mühəndis-texniki uçuş heyətinin hazırlanmasında əməkdaşlıq haqqında sazişi, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev və Ukraynanın əmək və sosial siyasəti naziri Mixail Papiyev Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Ukrayna vətəndaşlarının və Ukrayna ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında sazişi, Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov və Ukraynanın Dövlət Gömrük Xidmətinin sədri Nikolay Kalenski qaçaqmalçılıq və gömrük qaydalarının pozulması, habelə silahların, döyüş sursatlarının, partlayıcı maddələrin, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq haqqında sazişi, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri Nizami Xudiyev və Ukrayna Milli Teleşirkətinin birinci vitse-prezidenti Vladimir Kmetık əməkdaşlığa dair sazişi imzaladılar.
“Azərbaycan Hava Yolları” Dövlət Konserninin baş direktoru Cahangir Əsgərov və Ukraynanın nəqliyyat nazirinin müavini, Dövlət Aviasiya Nəqliyyatı Departamentinin direktoru Vladimir Maksimov mülki aviasiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair protokol imzaladılar.