SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 13-də, dövlət başçılarının geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Litva Prezidenti Valdas Adamkusun iştirakı ilə rəsmi sənədlərin imzalanma mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev və Litva Prezidenti Valdas Adamkus Azərbaycan Respublikası və Litva Respublikası arasında tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannamə imzaladılar.
Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Litva tərəfdən mədəniyyət naziri Yonas Yuças imzaladılar.
Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Litva xarici işlər naziri Pyatras Vaytekunas imzaladılar.
Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişi Azərbaycan tərəfdən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Litva tərəfdən xarici işlər naziri Pyatras Vaytekunas imzaladılar.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Litva Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyi arasında vergi məsələləri üzrə informasiya mübadiləsi haqqında sazişi Azərbaycan vergilər naziri Fazil Məmmədov, Litva tərəfdən Dövlət Vergi Müfəttişliyinin sədri Modestas Kaselyauskas imzaladılar.