ELM VƏ TƏHSİL
Səngəçal terminalı ətrafında aparılan ornitoloji monitorinqdə 55 quş növü qeydə alınıb
Bakı, 17 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının elmi işçisi Sevinc Rəcəbova və AMEA-nın Naxçıvan bölməsinin Bioresurslar İnstitutunun Zooloji tədqiqatlar şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Arzu Məmmədov BP şirkətinin sifarişi ilə “Səngəçal terminalı ətrafında quşların monitorinqi” adlı beynəlxalq layihəni uğurla yerinə yetiriblər.
Bu barədə AZƏRTAC-a Zoologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, ornitoloji monitorinq müddətində Səngəçal terminalı ətrafından materiallar toplanıb və hesabat BP şirkətinə təqdim olunub. Tədqiqat müddətində 55 quş növü qeydə alınıb. Tədqiqat ərazisində bu quş növlərindən qara kərkəs, səhra qarquşu, adi meşə cüllütü, Qara odquyruq ilk dəfə olaraq qeydə alınıb. Ornitoloji monitorinq müddətində qeydə alınan növlərdən ağbaş kərkəs, ağquyruq dəniz qartalı və çay qaraquşu (balıqcıl qaraquş) yalnız Azərbaycanın “Qırmızı Kitab”ının II nəşrinə, qırmızıbaş dalğıc yalnız Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, qara kərkəs və çöl leyi isə həm Azərbaycanın “Qırmızı Kitab”ının II nəşrinə, həm də Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına daxildir. Tədqiqat zamanı binokl, teleskop, fotoaparat və təyinedicilərdən istifadə olunub.