SƏNGƏÇAL TERMİNALI İLƏ TANIŞLIQ
Latviya Respublikasının Prezidenti xanım Vayra Vike-Freyberqa oktyabrın 4-də Səngəçal terminalında olmuşdur.
Burada Latviya dövlət başçısını terminalın çoxmillətli kollektivinin nümayəndələri mehribanlıqla qarşıladılar.
Ali qonağa terminalın tikintisinin tarixi, istismar və emal gücü, genişləndirilməsi proqramı, idarəetmə strukturu barədə ətraflı məlumat verildi. Terminal ərazisinin 1992-ci ildə peyk vasitəsilə çəkilmiş və tikintiyə başlanmazdan əvvəlki vəziyyətini əks etdirən fotoşəkillər nümayiş etdirildi.
Bildirildi ki, terminalda 4500 nəfər çalışır. Hazırda sualtı boru kəmərləri ilə terminaldakı çənlərə gündə 375 min barrel neft vurulur. Yeni yataqların işlənilməsi nəticəsində bu rəqəm ilbəil artacaqdır.
Vurğulandı ki, gələn ildən “Şahdəniz” yatağından çıxarılan qaz hazırda tikintisi başa çatmaqda olan Cənubi Qafqaz boru kəməri vasitəsilə Türkiyə və Avropa bazarlarına nəql olunacaqdır. Bundan sonra terminal öz tutumuna, emal və nəqletmə gücünə görə dünyada birinci olacaqdır.
Daha sonra xanım Vike-Freyberqaya məlumat verildi ki, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Azərbaycan və Gürcüstandan keçən hissələrinin tikintisi artıq tamamlanmışdır. Kəmərə vurulan neft oktyabrın 12-də Türkiyə sərhədinə çatacaqdır. Ceyhan limanı ilk nefti qəbul etməyə tam hazırdır. Hazırda boru kəmərinin Türkiyənin dağlıq ərazilərindən keçən hissəsində son tamamlama işləri gedir.
Terminalın ətraf ərazisində həyata keçirilən biomüxtəlifliyin qorunub saxlanması və inkişafı, yaşayış sahələrində isə təhsil, səhiyyə, sosial, kiçik biznes və icma inkişafı proqramları, kəmərin hər hansı bir hissəsində baş verə biləcək nəinki qəza və təxribatı, hətta ən kiçik titrəyişi belə dərhal qeydə alıb mərkəzə ötürən müasir sistem barədə verilən məlumatlar xüsusi maraq oyatdı.
Dünyanın ən nəhəng neft terminallarından biri ilə tanışlıq Latviyanın dövlət başçısı və onu müşayiət edən nümayəndə heyətində zəngin təəssürat yaratdı.
Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev ümummilli liderimiz Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyasından, onun həyata keçirilməsi üçün görülən genişmiqyaslı işlərdən bəhs edən ingilis dilində nəfis tərtibatlı ikicildlik kitabı, Səngəçal terminalının meneceri Duqlas Fer isə içərisində Xəzərdəki Mərkəzi Azəri yatağından çıxan ilk neft olan suveniri Latviya Respublikasının Prezidenti xanım Vayra Vike-Freyberqaya təqdim etdi.