SƏNGƏÇAL TERMİNALI İLƏ TANIŞLIQ
Yanvarın 8-də Rəcəb Tayyib Ərdoğan və Türkiyə nümayəndə heyətinin üzvləri Səngəçal terminalına gedərək, onun işi ilə tanış olmuşlar.
bp-nin nümayəndəsi qonaqlara bildirdi ki, şirkət öz layihələrini həyata keçirmək üçün tərəfdaşları ilə birlikdə Azərbaycanın neft sahəsinə təxminən 20 milyard ABŞ dolları məbləğində sərmayə qoyur. İndi “Çıraq” yatağından gündə 130 min barrel neft çıxarılır. Bu neft boru kəməri ilə Səngəçal terminalına vurulur, sonra isə iki boru kəməri vasitəsilə Supsa və Novorossiysk limanlarına göndərilir. “Çıraq” layihəsi “Azəri-Çıraq-Günəşli” layihəsinin həyata keçirilməsinin birinci fazasıdır və onun neft ehtiyatları 5 milyard barreldən artıqdır. “Faza-2” çərçivəsində iki əsas hasilat platforması tikiləcək və onlar “Azəri” yatağının qərb və şərq hissələrində yerləşdiriləcəkdir.
Yeni platformalarda çıxarılacaq neft uzunluğu 190 kilometr olan 30 düyməlik sualtı boru kəməri ilə Səngəçal terminalına nəql ediləcəkdir. “Faza-2” layihəsinin əsas hissəsi kimi, Səngəçal terminalında genişləndirmə işləri görüləcəkdir. Nəticədə, terminal gündə 800.000 barreldən artıq neft qəbul edə biləcək, onun ümumi sahəsi 600 hektara çatacaqdır. Beləliklə, terminal dünyada bu tipli ən iri obyektlərdən birinə çevriləcəkdir.
Qonaqlara belə bir məlumat da verildi ki, “AÇG” layihəsinin üçüncü, yekun fazası 2007-ci ildə başa çatdırılacaq və bu, həmin yataqlarda ümumi hasilatı gündə 1 milyon barreldən artıq səviyyəyə qaldıracaqdır. Səngəçal terminalından neft Bakı-Tbilisi-Ceyhan boru kəmərinə vurulacaqdır.
Həmçinin bildirildi ki, ötən il sentyabrın 18-də Səngəçal terminalında Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri Heydər Əliyevin, Eduard Şevardnadzenin və Əhməd Necdət Sezərin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin təməlinin qoyulması mərasimi keçirilmişdir.
Baş nazirin müavini Abid Şərifov, ARDNŞ-in prezidenti Natiq Əliyev, Türkiyənin Azərbaycandakı səfiri Əhməd Ünal Çeviköz, Azərbaycanın Türkiyədəki səfiri Məmməd Əliyev, digər rəsmi şəxslər hörmətli qonaqla birlikdə terminalda olmuşlar.