ŞENGEN MƏKANI DEKABRIN SONUNADƏK GENİŞLƏNƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri Avstriya Mətbuat Agentliyinə istinadla xəbər verir ki, hazırda Avropa İttifaqına (Aİ) sədrlik edən Portuqaliyanın rəsmi dairələri Brüsseldə Aİ-nin “köhnə” və “yeni” üzv dövlətləri arasındakı sərhəd nəzarətinin ilin sonunadək ləğv ediləcəyini bildirmişlər. Avropa İttifaqına yeni üzv olan 9 Şərqi və Cənub-Şərqi Avropa ölkəsi (Polşa, Çexiya, Slovakiya, Macarıstan, Sloveniya, Estoniya, Litva, Latviya və Malta) cari il dekabrın 21-dək Şengen məkanına daxil olacaqlar. Portuqaliyanın Baş naziri Xose Sokratesin həmin ərəfədə Şengen sazişinə qoşulacaq ölkələrin bir çoxunda sərhədlərin açılış mərasimlərində iştirakı nəzərdə tutulur.
Hüquqi müstəvidə yekun qərar noyabrın 8-9-da Aİ daxili işlər nazirlərinin Brüsseldə keçiriləcək toplantısında veriləcəkdir. Portuqaliya rəsmiləri hesab edirlər ki, mütəxəssislərin gələcək Şengen dövlətlərində apardıqları monitorinqlər zamanı müşahidə edilən texniki hazırlıq səviyyəsi nazirlərin toplantısında çıxarılacaq qərara öz müsbət təsirini göstərəcəkdir.
Şengen sazişinə yeni qoşulan dövlətlərlə digər Şengen dövlətləri arasında hava sərhəd nəzarəti isə 2008-ci ilin mart ayında ləğv ediləcəkdir.
Kipr, bu ildən Avropa İttifaqına daxil olan Bolqarıstan və Rumıniya müvafiq təhlükəsizlik standartlarına cavab verənədək Şengen sazişinə qoşulmayacaqlar.
1985-ci ildə Lüksemburq Böyük Hersoqluğunun Şengen qəsəbəsində Almaniya, Fransa, Belçika, Niderland və Lüksemburq dövlətləri tərəfindən imzalanan Şengen sazişi gələn ildən etibarən 28 Avropa ölkəsini əhatə edəcəkdir.