İQTİSADİYYAT
Sentyabr ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb
Bakı, 24 oktyabr, AZƏRTAC
Sentyabrın 30-na Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 31 milyard 363,3 milyon manat, cəmi öhdəlikləri isə 26 milyard 674,8 milyon manat təşkil edib. Sektorun balans kapitalı 4 milyard 688,5 milyon manat olub.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabr ayına sektorun aktivlərinin 44,2 faizini kredit portfeli təşkil edib. Kredit portfeli 9,8 faiz (1,2 milyard manat) artıb, banklar üzrə ümumi kredit portfeli ayın sonuna 13 milyard 872,1 milyon manat olub, kredit portfelinin 61,6 faizini biznes, 38,4 faizini isə istehlak kreditləri təşkil edib. Aktivlərin 46,4 faizini xarici valyutada olan aktivlər təşkil edir. Kredit portfelinin 34,8 faizi xarici valyutadadır.
Sentyabrda fiziki şəxslərin əmanətləri 8 milyard 491,3 milyon manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 2,7 faiz (221,6 milyon manat) artım deməkdir. Artım daha çox tələbli əmanətlər hesabına baş verib. Belə ki, ilin əvvəlindən tələbli əmanətlər 8,4 faiz (235 milyon manat) artıb. Digər müsbət trend milli valyutada olan əmanətlərin 21,8 faiz (665,3 milyon manat) artmasıdır. Xarici valyutada olan əmanətlər isə əksinə olaraq 8,5 faiz (443,7 milyon manat) azalıb.
Hüquqi şəxslərin cəmi əmanətləri 12,2 faiz (1 milyard 259,8 milyon manat) artaraq 11 milyard 571,3 milyon manata çatıb. Artım daha çox müddətli depozitlər hesabına baş verib. İlin əvvəlindən müddətli depozitlər 86,3 faiz (1 milyard 250,9 milyon manat) artaraq 2 milyard 700,6 milyon manata çatıb.
Sektorun kapital mövqeyi qənaətbəxşdir. Belə ki, sentyabr ayına məcmu kapital 4 milyard 236,4 milyon manat təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 17 faiz çoxdur. Balans kapitalı ilin əvvəlindən 15,1 faiz artaraq 4 milyard 688,5 milyon manat təşkil edib.
Hesabat dövründə bank sektoru 645,7 milyon manat əməliyyat mənfəəti generasiya edib. Sektorun xalis mənfəəti isə 522,7 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 10,6 faiz, kreditlər üzrə faiz gəlirləri isə 14,4 faiz artıb.
Sentyabrda məcmu kapitalın adekvatlıq əmsalı 22,6 faiz (minimum normativi 2,3 dəfə üstələyir) təşkil edib. Sektor ani likvidlik əmsalı üzrə minimum tələbi 1,9 dəfə üstələyir (57.8 faiz). Bank sektoru üzrə ROA və ROE göstəriciləri müvafiq olaraq 2,3 faiz və 16,9 faiz təşkil edir.
Fəaliyyət göstərən 30 bankdan 14-ü xarici kapitallıdır, bunlardan 7-də xarici kapitalın payı 100 faiz təşkil edir. Otuz bankın filiallarının sayı 515, şöbələrinin sayı 129, ATM-lərin sayı 2592 olub. Bank sektorunun işçi heyətinin sayında artım sentyabr ayında da davam edib. Belə ki, bu ilin 9 ayı ərzində işçi sayı 8,6 faiz (1496 nəfər) artaraq 18 min 911 nəfər olub.
Sentyabrın 30-na bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.