İDMAN
Sərbəst güləş üzrə Azərbaycanın yığma komandasının mətbuat üçün açıq məşqi keçirilib
Bakı, 28 yanvar, Rafael Həsənov, AZƏRTAC
Yanvarın 28-də Olimpiya Güləş Mərkəzində sərbəst güləş üzrə Azərbaycan yığma komandasının mətbuat üçün açıq məşqi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Namiq Əliyev məşqlərin gedişatını izləyib. O bildirib ki, güləş üzrə yığma komandaların (sərbəst, yunan-Roma və qadınlar arasında güləş) təlim-məşq toplanışları ilin əvvəlindən keçirilir, gələn həftə onlar müxtəlif yarışlara qatılacaqlar. Həmin yarışları Avropa Oyunlarına hazırlıq kimi qiymətləndirmək olar.
Namiq Əliyev Avropa Oyunlarında Rusiya yığmasını Azərbaycan yığmasının əsas rəqibi sayır. O hesab edir ki, idmançılarımızın hazırlığı üçün kifayət qədər iş görülüb və onlar qarşıdan gələn yarışlarda uğur qazana bilərlər.
N.Əliyev bildirib ki, təkcə Avropa Oyunlarında deyil, həm də bu il Las-Veqasda keçiriləcək güləş üzrə dünya çempionatında yaxşı nəticələr göstərmək üçün imkanlarımızı düzgün hesablamaq lazımdır.