SİYASƏT
Serbiya KİV-ləri: Azərbaycanın həyata keçirdiyi bütün tədbirlər özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindədir
Bakı, 2 oktyabr, AZƏRTAC
Serbiyanın nüfuzlu “Tanjug” xəbər agentliyi, “Danas” qəzeti və “RTV” xəbər agentlinin internet portalında “Azərbaycanın həyata keçirdiyi bütün tədbirlər özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindədir - Qarabağ Azərbaycandır” başlıqlı məqalələr dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalələrdə Ermənistan XİN-in bölgədə yaşanan son gərginlikdə guya ki, Türkiyənin tərəf kimi iştirak etməsi ilə bağlı verdiyi açıqlamaların yalan və təxribat xarakteri daşıdığı bildirilib.
Qeyd edilib ki, cari ilin 27 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın yeni təcavüz aktına cavab olaraq beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin etmək məqsədilə əks-hücum tədbirləri həyata keçirilib. Hazırda da Azərbaycan tərəfi Ermənistanın davam edən hərbi təxribatlarına adekvat cavablar verir. Azərbaycan Ordusu öz xalqının və torpaqlarının müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlı və güclüdür.
Türkiyənin roluna gəldikdə, bu ölkə bölgədə sülh və təhlükəsizliyin, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsiplərinə hörmətin təmin olunmasının tərəfdarıdır. Türkiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, başda BMT Təhlükəsizlik Şurasının qətnamələri olmaqla beynəlxalq təşkilatların qərarlarına uyğun olaraq və ədalətli şəkildə həllini dəstəkləyir.
Ermənistana məxsus Su-25 tipli döyüş təyyarəsinin guya ki, Türkiyə silahlı qüvvələrinə məxsus F-16 təyyarəsi tərəfindən vurulması ilə bağlı dezinformasiya xarakterli məlumata gəldikdə isə, bu kimi saxta məlumatları yayan Ermənistanın niyyəti münaqişəyə üçüncü tərəfləri cəlb etməkdir.
Görünən odur ki, Ermənistan tərəfi həqiqətə uyğun olmayan və cəfəng açıqlamaları ilə beynəlxalq ictimaiyyətin diqqətini özünün təcavüzkar siyasətindən və azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə atəşə tutaraq törətdiyi müharibə cinayətlərindən yayındırmaq məqsədini güdür.
Həmçinin məqalələrdə Ermənistan KİV-ləri işğal olunmuş Dağlıq Qarabağ bölgəsində Fransanın “Le Monde” qəzetinin iki jurnalistinin yaralanması ilə bağlı məlumata dair bildirilib ki, Ermənistan xarici jurnalistlərin həyatını təhlükə altına ataraq və beynəlxalq humanitar hüququ kobudcasına pozaraq jurnalistlərin hərbi əməliyyatların getdiyi əraziyə səfərini təşkil edir. Xarici jurnalistlərin məqsədyönlü şəkildə təhlükəli əraziyə aparılması Ermənistan hökumətinin jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar öhdəliklərinə məhəl qoymadığını və xarici jurnalistlərdən özünün qanunsuz təbliğat məqsədləri üçün istifadə etdiyini açıq şəkildə göstərir.
Məqalələrdə “Azərbaycanın həyata keçirdiyi bütün tədbirlər özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindədir - Qarabağ Azərbaycandır” fikri xüsusi vurğulanıb.