SİYASƏT
Serbiyalı jurnalistin adı Azərbaycan Xarici İşlər Nazirliyinin tərtib etdiyi “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılıb
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərinə 2015-ci ilin mart ayında qanunsuz səfər etmiş və nəticədə adı Xarici İşlər Nazirliyinin tərtib etdiyi “Arzuolunmaz şəxslər siyahısı”na daxil edilmiş Serbiya vətəndaşı, jurnalist Slobodan Samarciya məktubla müraciət edərək adının sözügedən siyahıdan çıxarılmasını xahiş edib. O, məktubunda Azərbaycan Respublikasının müvafiq icazəsi olmadan etdiyi səfərə görə təəssüfünü və üzrxahlığını ifadə edərək bu səfərin Ermənistan tərəfinin təhriki ilə baş tutduğunu bildirib və bir daha təkrarlanmayacağını vurğulayıb.
S.Samaraciya məktubunda Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətini ifadə edib.
S.Samaraciyanın müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılması barədə qərar qəbul edilib.