SİYASƏT
Sergey Lebedev: Bütün MDB dövlətləri Ukraynada sülhün və əmin-amanlığın tezliklə bərqərar edilməsinə tərəfdardırlar
Minsk, 5 iyun (AZƏRTAC). Bu gün Belarusun paytaxtında Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Təhlükəsizlik orqanları və xüsusi idarələri rəhbərləri şurasının iclasında təşkilatın İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedev demişdir: “MDB-yə üzv olan bütün dövlətlər Ukraynada sülhün və əmin-amanlığın tezliklə bərqərar edilməsinə tərəfdardırlar”. Bu barədə AZƏRTAC-a Minskdə Birliyin İcraiyyə Komitəsinin mətbuat xidmətindən məlumat vermişlər.
O demişdir: “Müxtəlif daxili və xarici neqativ amillər Ukraynada vəziyyətin kəskinləşməsinə səbəb olmuşdur ki, bu da haqlı olaraq narahatlıq və təəssüf doğurur. MDB üzvlüyündən asılı olmayaraq Ukraynanın Birlik ölkələri ilə dərin iqtisadi, humanitar, çoxəsrlik insani münasibətləri vardır. Buna görə də MDB-nin iştirakçısı olan bütün dövlətlər Ukraynada gərginliyin tezliklə azaldılmasına, bu ölkədə sülhün və əmin-amanlığın bərqərar edilməsinə tərəfdardırlar”.
AZƏRTAC-ın xəbər verdiyi kimi, bu gün Minskdə MDB-nin iştirakçısı olan dövlətlərin Təhlükəsizlik orqanları və xüsusi idarələri rəhbərləri şurasının 36-cı iclası keçirilir. Gündəliyə beynəlxalq terrorizmə və ekstremizmin digər zorakılıq təzahürlərinə qarşı mübarizə sahəsində əməkdaşlığın və qarşılıqlı fəaliyyətin səmərəliyinin artırılması məsələləri daxil edilmişdir. İclas iştirakçıları informasiya texnologiyaları sahəsində cinayətkarlığa qarşı tədbirlər görülməsi, MDB ölkələrinin dövlət qurumlarının informasiya resurslarına kompyuter hücumlarının aşkara çıxarılması və onların qarşısının alınması sahəsində birgə fəaliyyətin təşkili problemlərini müzakirə edirlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk