SİYASƏT
Sergey Markov: Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli daha çox Minsk qrupunun mövqeyi üzündən çətindir
Moskva, 30 may (AZƏRTAC). Rusiya Federasiyasının Beynəlxalq Əməkdaşlıq və İctimai Diplomatiya Komissiyasının rəhbəri, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov 28 May-Respublika Gününə həsr olunmuş “Yeni Azərbaycan: nailiyyətlər, çağırışlar, perspektivlər” adlı “dəyirmi masa”da çıxış edərkən bildirmişdir ki, Dağlıq Qarabağda indiki status-kvo 20 il bundan əvvəlki qüvvələr nisbətinin nəticəsidir. Lakin o vaxtdan qüvvələr nisbəti əsaslı surətdə dəyişmişdir. Azərbaycanın iqtisadiyyatı, hərbi büdcəsi, silahlanma səviyyəsi Ermənistan ilə müqayisəyə gəlməz. Amma bu toplanmış qüvvənin konkret realizə olunması ilə bağlı problem vardır. S.Markov demişdir: “Müharibə yolu çətin yoldur, çünki qeyri-sabit vəziyyət yaratdığından investisiyalara zərbə vurur və beləliklə, dəyişən qüvvələr nisbətinin əsasını sarsıdır. Qarabağ probleminin sülh yolu ilə həlli daha çox Minsk qrupunun mövqeyi üzündən çətindir. Bildiyiniz kimi, Rusiya müəyyən dərəcədə buradakı həm güclü Azərbaycan, həm də erməni diasporlarının mövqeyini əks etdirir. ABŞ-da və Fransada isə Azərbaycanın təsiri minimaldır və erməni diasporu mütləq üstünlük təşkil edir. Buna görə də ABŞ-ın və Fransanın mövqeyi bu məsələnin həllində çəkindirici amildir. Minsk qrupunun fəaliyyətsizliyinə görə məhz ABŞ və Fransa başlıca məsuliyyət daşıyır”. Politoloqun fikrincə, Minsk qrupunu fəallaşdırmaq üçün Azərbaycan-ABŞ və Azərbaycan-Fransa formatında dəyişikliklər olunmalıdır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva