MƏDƏNİYYƏT
Sərgidə nümayiş olunan fotoşəkillər və rəsm nümunələri böyük maraqla qarşılanmışdır
Bakı, 6 iyul (AZƏRTAC). “Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyinin layihəsi əsasında yaradılmış Azərbaycan xalqının soyqırımı qurbanları muzeyinin səyyar sərgiləri davam edir.
Birliyim mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu qəbildən olan növbəti sərgi Sabunçu rayonunda açılmışdır.
Tədbirdə İctimai Birliyin sədri Elşən Uluxanlı sərgi barədə iştirakçılara məlumat vermiş və zaman-zaman xalqımızın başına gətirilən müsibətlərdən söz açmışdır.
Bildirilmişdir ki, Azərbaycan xalqının soyqırımı qurbanları muzeyinin tədbirlər planına əsasən, respublikamızın bütün rayon və şəhərlərində açıq havada səyyar sərginin keçirilməsi planlaşdırılır.
Tədbirdə digər çıxış edənlər də belə sərgilərin əhəmiyyətindən və gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində rolundan söz açmışlar.
Sərgidə nümayiş olunan fotoşəkillər və rəsm nümunələri böyük maraqla qarşılanmışdır.
Sərgiyə iyulun 7-də yekun vurulacaqdır.