SİYASƏT
Sərhəddə hərbi əməliyyatların getdiyi vaxtda bir qrup şəxsin Bakıda iğtişaş yaratmaq cəhdləri şəhidlərimizin ruhuna hörmətsizlikdir
Bakı, 16 iyul, Səadət Hakıyeva, AZƏRTAC
Ermənistanın hərbi qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycanla sərhəddə, Tovuz istiqamətində təxribat törətdi. Bu da Ermənistan hakimiyyətinin təcavüzkar niyyətini daha göstərmiş oldu. Ermənilərin Tovuz istiqamətində hərbi təxribata əl atması xalqımızın, eləcə də biz sənət adamlarının hiddətinə səbəb oldu. Amma Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusu, onun mərd əsgərləri, zabitləri, generalları düşmən təxribatına layiqli cavab verdilər. Şəhidlər versək də, qələbə əzmi yaşadıq, fərəh duyduq. Dövlətimizlə, onun rəhbəri ilə, xalqımızla qürur duyduq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Xalq artisti, Azərbaycan Akademik Musiqili Teatrının aktyoru və rejissoru, “Şöhrət” ordenli, Prezidentin fərdi təqaüdçüsü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyoru kafedrasının müdiri, professor İlham Namiq Kamal söyləyib.
Xalq artisti bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev hər zaman milli maraqları üstün tutaraq münaqişənin həll olunması istiqamətində ciddi səylər göstərir, problemin sülh yolu ilə həll olunmasına çalışır. Dövlət başçısı yüksək tribunalardan Azərbaycanın haqq səsini dünyaya çatdırır, hər zaman çıxışlarında bildirir ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Bu, şübhəsizdir və xalqımız buna inanır.
İlham Namiq Kamal iyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş yürüşün bir daha xalqımızın vətənpərvərliyini nümayiş etdirdiyini deyib, amma sonda baş verənlərdən təəssüfləndiyini bildirib: “Sərhəddə hərbi əməliyyatlar getdiyi bir vaxtda bir qrup şəxsin Bakının küçələrində iğtişaş yaratmaq cəhdləri Vətən üçün canını fəda edən şəhidlərimizin ruhuna hörmətsizlikdir. Buna başqa ad vermək olmaz. Həmin bir qrup şəxs vətənpərvər gənclərimizin kövrək duyğuları ilə oynayaraq ictimaiyyətin nifrətini qazandılar. Bir vətəndaş, Xalq artisti kimi bunu pisləyirəm. Yadıma 1990-cı illər düşür. Həmin ilin əvvəllərində baş verən gərgin hadisələr, anarxiya, özbaşınalıq və xaos bizim yaxın tariximizdir və hələ də yaddaşlardan silinməyib. Bəzi siyasi qrupların, şəxslərin bir daha hərc-mərclik yaratmaq, ölkəmizi yenidən o dövrə qaytarmaq cəhdləri ciddi qınanılmalı, cəmiyyətimiz, ziyalılarımız, fəal ictimaiyyət nümayəndələrimiz bu pozucu fəaliyyətə lazımi qiyməti verməlidirlər.
Azərbaycan güclü dövlətdir, əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik”.