İQTİSADİYYAT
Sərinləşdirici içki və dondurma məhsulları bazarında nəzarət tədbirləri gücləndirilmişdir
Bakı, 12 iyun (AZƏRTAC). Yay mövsümünün başlanılması ilə əlaqədar istehlakçıların sərinləşdirici içki və dondurma məhsullarına artan tələbatı nəzərə alınaraq, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti həmin əmtəə bazarlarında nəzarət tədbirlərini gücləndirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, aparılan nəzarət tədbirləri zamanı sərinləşdirici içki və dondurma məhsullarının istehsalı və satışını həyata keçirən təsərrüfat subyektləri tərəfindən qanun pozuntusuna yol verildiyi aşkar olunduğu təqdirdə, qanunvericilikdə nəzərdə tutulmuş ciddi məsuliyyət tədbirləri görüləcəkdir.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz sərinləşdirici içki və dondurma məhsullarının satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və ya Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.