ŞƏRQİ AZƏRBAYCAN VALİLİYİNDƏ GÖRÜŞ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Təbrizdə Şərqi Azərbaycan valiliyinin binasına gəldi. Dövlətimizin başçısını burada böyük hörmətlə, gül-çiçəklə qarşıladılar.
Burada keçirilən görüşdə Şərqi Azərbaycan əyalətinin valisi Məhəmmədəli Sübhanullahi Prezident İlham Əliyevi Təbrizə gəlməsi münasibətilə təbrik edərək, tarixi hadisə kimi qiymətləndirdiyi bu səfərinin, iki ölkə arasında münasibətlərin inkişafında çox mühüm rol oynayacağını bildirdi. O, son illər Azərbaycan-İran münasibətlərinin möhkəmləndiyini, Prezident Məhəmməd Xatəminin Bakıya səfərindən sonra əlaqələrin daha da canlandığını söyləyərək dedi ki, Prezident İlham Əliyevin indiki səfəri ikitərəfli münasibətlərin inkişafına yeni təkan verəcəkdir.
Dövlətimizin başçısına Təbriz haqqında məlumat verən vali bildirdi ki, bu, İranın ən böyük şəhərlərindən biridir. Şəhərdə xalçaçılıq xüsusilə inkişaf etmişdir, hazırda xalçanın toxunması, satışı və s. daxil olmaqla, təxminən 700-800 min adam bu işlə məşğuldur. Şəhər iri istehsal müəssisələri ilə də ölkədə məşhurdur və 5 mindən çox müəssisə vardır. Cənab Sübhanullahi dedi ki, ölkələrimiz arasında əməkdaşlığın genişlənməsi Təbrizin də inkişafına müsbət təsir göstərəcəkdir.
Prezident İlham Əliyev görüşdə çıxış edərək İrana rəsmi səfərini, Prezident Xatəmi ilə və digər rəsmi şəxslərlə görüşlərini, apardığı danışıqları yüksək qiymətləndirdi, imzalanmış sənədlərin ikitərəfli münasibətlərin sürətlə inkişafına səbəb olacağını söylədi. Təbrizə səfərindən çox məmnun olduğunu bildirən dövlətimizin başçısı özünün ən böyük arzularından birinə çatdığını vurğuladı. O, cənab Xatəminin Bakıya səfərindən sonra Təbrizdə Azərbaycanın baş konsulluğunun açılmasını və digər sahələrdə görülən işləri yüksək qiymətləndirdi.