ŞƏRQİ AZƏRBAYCAN VALİLİYİNDƏ GÖRÜŞ
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasına rəsmi səfərinin Tehran proqramını başa çatdıraraq, yanvarın 26-da təyyarə ilə İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərinə gəlmişdir.
Həmin gün Prezident İlham Əliyevin valilikdə görüşü oldu. Dövlətimizin başçısını burada böyük hörmətlə, gül-çiçəklə qarşıladılar.
Görüşdə çıxış edən Şərqi Azərbaycan əyalətinin valisi Məhəmmədəli Sübhanullahi Prezident İlham Əliyevi Təbrizə gəlməsi münasibətilə təbrik edərək, tarixi hadisə kimi qiymətləndirdiyi bu səfərin, iki ölkə arasında münasibətlərin inkişafında çox mühüm rol oynayacağını bildirdi. O, son illər Azərbaycan-İran münasibətlərinin möhkəmləndiyini, Prezident Məhəmməd Xatəminin Bakıya səfərindən sonra əlaqələrin daha da canlandığını söyləyərək dedi ki, Prezident İlham Əliyevin indiki səfəri ikitərəfli münasibətlərin inkişafına yeni təkan verəcəkdir.
Dövlətimizin başçısına Təbriz haqqında məlumat verən vali bildirdi ki, bu, İranın ən böyük şəhərlərindən biridir. Şəhərdə xalçaçılıq xüsusilə inkişaf etmişdir, hazırda xalçanın toxunması, satışı və s. daxil olmaqla, təxminən 700-800 min adam bu işlə məşğuldur. Şəhər iri istehsal müəssisələri ilə də ölkədə məşhurdur və 5 mindən çox müəssisə vardır.
Cənab Sübhanullahi dedi ki, biz iqtisadiyyat, ticarət, elm və digər sahələrdə Azərbaycanla əlaqə yaratmaqda maraqlıyıq. Təbriz Universiteti nüfuzlu təhsil ocaqlarından biridir. Cənab Xatəmiyə də təşəkkür edirik ki, Təbrizdə Azərbaycanın baş konsulluğunun açılmasına razılıq vermişdir. Hesab edirəm, ölkələrimiz arasında əməkdaşlığın genişlənməsi Təbrizin də inkişafına müsbət təsir göstərəcəkdir.
X X X
Prezident İlham Əliyev görüşdə çıxış etdi.